
KOBİA pandemiyadan zərər çəkmiş sahibkarlar üçün növbəti onlayn tədbir təşkil edib
Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan onlayn tədbirlər davam edir.
KOBİA-dan bildirilib ki, ötən həftə keçirilmiş onlayn maarifləndirmə tədbirlərindən 6 minə yaxın sahibkarlıq subyekti yararlanıb.
Aprelin 21-də KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş “Pandemiyadan zərər çəkmiş sahələrə göstərilən maliyyə dəstəyi” mövzusunda növbəti onlayn tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri sahibkarlıq subyektlərini maraqlandıran sualları cavablandırıb, nəzərdə tutulan yeni dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər.
KOBİA-nın "Facebook" səhifəsində (//www.facebook.com/smb.gov.az) birbaşa yayımlanmış onlayn tədbirdən 2 minə yaxın sahibkarlıq subyekti yararlanıb.
KOBİA-ya daxil olan müraciətlər və sahibkarlıq subyektlərinin marağı nəzərə alınmaqla pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.