
Bu ilin I rübündə BTC ilə 49 milyon barrel neft ixrac edilib
2026-cı ilin birinci rübündə Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri vasitəsilə təxminən 49 milyon barrel, yəni 6 milyon ton həcmində neft ixrac edilib.
Fins.az bp şirkətinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə azalma nümayiş etdirib. Belə ki, ötən ilin birinci rübündə BTC ilə nəql edilən neft həcmi təxminən 54 milyon barrel təşkil edib və illik ifadədə 9,26% azalma qeydə alınıb.
Uzunluğu 1768 km olan Bakı–Tbilisi–Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. İstismara verildiyi gündən 2026-cı ilin birinci rübünün sonunadək bu kəmərlə ümumilikdə təqribən 626 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql olunub. Bu dövrdə Ceyhan terminalında 6210 tankerə neft yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC əsasən “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından çıxarılan neft və “Şahdəniz” yatağından əldə olunan kondensatı nəql edir. Bununla yanaşı, Xəzər regionunun digər mənbələrindən, o cümlədən Qazaxıstan, Türkmənistan və Azərbaycanda SOCAR tərəfindən hasil edilən əlavə neft və kondensat həcmlərinin də kəmər vasitəsilə daşınması davam edir.
BTC üzrə səhmdar strukturunda bp 30,10%, SOCAR 32,97%, MOL Group 8,90%, TPAO 6,53%, Eni 5,00%, TotalEnergies 5,00%, ITOCHU 3,40%, ONGC Videsh 3,10%, ExxonMobil 2,50% və INPEX 2,50% paya sahibdir.