
Bu il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8,9% artıb
2026-cı ilin yanvar-fevral aylarında ölkədə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 2 534,2 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,9% çoxdur.
Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı yanvar-fevral makroiqtisadi göstəricilərində yer alıb.
Hesabata əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə təqdim edilən xidmətlərin dəyəri 1 938,4 milyon manat olub və bu, xidmətlərin ümumi dəyərinin 76,5 faizini təşkil edib.
Məlumata görə, 2026-cı ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 246,9 manatlıq ödənişli xidmətlərdən istifadə edib ki, bu da nominal ifadədə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,6 manat çoxdur.
Qeyd olunub ki, bu göstəricilər xidmət sektorunun inkişafı, əhalinin istehlak vərdişləri və iqtisadi fəallığının qiymətləndirilməsi üçün əsas statistik məlumatları təmin edir.