İİTKM-də Kənd Təsərrüfatı, Balıqçılıq və Akvakultura üzrə Dövlət Proqramının İcrası Müzakirə Edilib

İİTKM-də Kənd Təsərrüfatı, Balıqçılıq və Akvakultura üzrə Dövlət Proqramının İcrası Müzakirə Edilib

BİZNES
187

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icraçı dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi, layihələrin idarə olunması və monitorinqi, hesabatlılıq mexanizmlərinin tətbiqi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Aqrar Sığorta Fondunu təmsil edən nümayəndələr iştirak ediblər.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxışında Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq Sərəncamında aidiyyəti icraçı qurumlara tapşırılmış, qısa müddət ərzində icrası nəzərdə tutulan bəndlərin hesabatlılıq prosesində nəzərə alınacağını bildirib. O, Dövlət Proqramı üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. Təranə Salıfova həmçinin əsas icraçısı bir neçə qurum olan tədbirlər üzrə indikativ planlaşdırma və hesabatlılığın formalaşdırılması zamanı nəzərə alınmalı məqamlarla bağlı aidiyyəti qurumlara tövsiyələr verib.

Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov indikator cədvəlinin hazırlanması prosesi ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, habelə nəticəyönümlü hesabatlılığın təmin edilməsi üzrə əsas yanaşmalar diqqətə çatdırılıb. Əbdülrəhim Dadaşov cari və növbəti illər üzrə hədəf göstəricilərinin operativ şəkildə müəyyənləşdirilməsinin vacibliyini qeyd edib və Mərkəzin bu istiqamətdə zəruri metodoloji dəstək göstərməyə hazır olduğunu bildirib.

İİTKM-in Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Könül Bədəlova Mərkəzin operatoru olduğu “e-monitorinq” portalı üzərindən hesabatların təqdim edilməsi, monitorinqi və qiymətləndirilməsi, yekun hesabatların hazırlanması, layihə idarəetmə mexanizmləri, eləcə də müvafiq modulun funksionallıqları və imkanları barədə məlumat verib. Təqdimatdan sonra iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İİTKM-də Kənd Təsərrüfatı, Balıqçılıq və Akvakultura üzrə Dövlət Proqramının İcrası Müzakirə Edilib — Fins.az — Fins.az