Bu gün Ümumdünya Meteorologiya Günüdür

Bu gün Ümumdünya Meteorologiya Günüdür

BİZNES
149

Bu gün Ümumdünya Meteorologiya Günüdür. Hər il martın 23-də Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə 1961-ci ildən bəri Ümumdünya Meteorologiya Günü qeyd olunur. Günün şüarı: “İnformasiya dövründə hava, iqlim və su”dur.

Fins.az xəbər verir ki, 1950-ci il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Konvensiyası qüvvəyə minərək təşkilatın yaranmasını elan etdi. ÜMT-nin təsis ili onun sələfi olan Beynəlxalq Meteorologiya Təşkilatının (İMO) yaradıldığı 1873-cü il hesab olunur. 1951-ci ildə İMO Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumuna çevrildi və Ümumdünya Meteorologiya Təşkilatı adlandırıldı. O vaxtdan bəri təşkilat meteorologiyanın beynəlxalq mahiyyətini daha dolğun şəkildə əks etdirir. Hazırda 187 dövlət və altı ərazi ÜMT-nin üzvüdür.

ÜMT hava, iqlim və su məsələləri ilə məşğul olur və onun üzvü olan ölkələr uzun illərdir ki, atmosferin, qurunun, dənizlərin, okeanların, çayların vəziyyəti barədə əməliyyat məlumatları mübadiləsi apararaq uğurla əməkdaşlıq edirlər. Bunun əsasında hava proqnozları və təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar tərtib olunur.

Təşkilat üzvlərinin milli meteorologiya və hidrologiya xidmətləri arasında əməkdaşlığı gücləndirir, meteorologiyanın dövlət meteorologiya xidmətlərində, kənd təsərrüfatında, aviasiyada, gəmiçilikdə, ətraf mühitdə, su aspektlərində və fəlakətlərin azaldılmasında tətbiqini təşviq edir. ÜMT-nin əsas nailiyyətləri arasında dünya miqyasında iqlim tədqiqatı proqramının və Ümumdünya Hava Müşahidəsinin yaradılması var.

ÜMT-nin əsas fəaliyyəti ölkələrə meteoroloji və hidroloji xidmətlərin göstərilməsində dəstək verməkdir. ÜMT digər BMT agentlikləri və milli meteoroloji və hidroloji xidmətləri ilə əməkdaşlıq çərçivəsində bir sıra ətraf mühit konvensiyalarının həyata keçirilməsini dəstəkləyir və hökumətlərə müvafiq məsələlər üzrə məsləhət və qiymətləndirmələrin verilməsində əsas rol oynayır. Həmin fəaliyyətlər davamlı inkişafa və millətlərin rifahına töhfə verir.

Ümumdünya Meteorologiya Günü iqlim dəyişikliyinin potensial təsirləri barədə ictimaiyyətin məlumatlılığını artırmaq üçün qeyd olunur. Sürətli iqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən ciddi ekoloji problemlərdən biridir. O, təkcə hava şəraitinin dəyişməsində və temperaturun yüksəlib-enməsində özünü göstərmir, həm də daşqınlar, quraqlıqlar, sunamilər və digər dağıdıcı fəlakətlərə səbəb ola bilər.

Son on ildə toplanmış statistikalar göstərir ki, bütün təbii fəlakətlərin 80 faizindən çoxu meteoroloji və ya hidroloji mənşəlidir.

Hər il bir deviz altında qeyd olunan günün mövzusu "Bu günü müşahidə etmək, sabahı qorumaq"dır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu gün Ümumdünya Meteorologiya Günüdür — Fins.az — Fins.az