
“Gadamly" gəmisi Xəzərdə beynəlxalq yükdaşımaların səmərəliliyini artıracaq - Türkmənistan səfiri
Türkmənistanda tam şəkildə inşa edilən ilk “Gadamly” quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanına səfəri Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələ kimi qiymətləndirilib.
Fins.az xəbər verir ki, bu fikirləri Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov Bakı Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimində çıxışı zamanı səsləndirib.
Səfir bildirib ki, 6 100 ton yükdaşıma qabiliyyətinə malik gəmi Türkmənbaşı Beynəlxalq Dəniz Limanının Balkan Gəmiqayırma və Gəmi Təmir Zavodunda Cənubi Koreya şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa olunub.
Onun sözlərinə görə, “Gadamly” Koreya tərəfi ilə imzalanmış müqavilə əsasında tikilən iki quru yük gəmisindən birincisidir. İkinci gəminin inşasına isə 2024-cü ilin iyul ayında başlanılıb.
Diplomat qeyd edib ki, konteyner daşımaları üçün nəzərdə tutulan gəmi Xəzər regionunda, xüsusilə Azərbaycan istiqamətində fəaliyyət göstərəcək. Bu layihə milli donanmanın gücləndirilməsi, dəniz infrastrukturunun modernləşdirilməsi və logistika imkanlarının artırılması baxımından əhəmiyyətli hesab olunur.
Qurbanməmmet Elyasov vurğulayıb ki, “Gadamly” gəmisi Xəzər dənizində beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.
Səfirin sözlərinə görə, gəminin ilk səfərinin məhz Bakı Limanına edilməsi Türkmənistanın Azərbaycanla, xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığa verdiyi önəmi göstərir.
O əlavə edib ki, bu hadisə iki ölkə arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir və yüksək səviyyəli siyasi və iqtisadi dialoqun əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiqləyir.