
Fitch neft bazarında balansın yaxın aylarda bərpa olunacağını proqnozlaşdırır
Beynəlxalq reytinq agentliyi Fitch Ratings Hörmüz boğazı ətrafında yaranmış gərginlik və tədarük zəncirində fasilələrə baxmayaraq, Brent markalı neftin qiyməti ilə bağlı yeni proqnoz açıqlayıb.
Fins.az xəbər verir ki, agentliyin qiymətləndirməsinə əsasən, may–iyul aylarında strateji əhəmiyyətli su marşrutunda faktiki məhdudiyyətlər fonunda Brent neftinin qiyməti bir barel üçün 100–110 dollar aralığında qalacaq. Lakin bundan sonra qiymətlərdə eniş tendensiyası gözlənilir.
“Fitch”in proqnozuna görə, 2026-cı ilin sentyabr ayına qədər Brent neftinin qiyməti bir barel üçün təxminən 70 dollara düşəcək. Agentlik bu səviyyəni tələb və təklif balansının normallaşması ilə izah edir, lakin müəyyən risk əlavəsinin qalacağını da qeyd edir.
Qiymətləndirməyə əsasən, neft bazarının tarazlaşmasında əsas faktorlar kimi OPEC ölkələrinin hasilatı artırması, karteldən kənar dövlətlərin tədarük genişləndirməsi, strateji ehtiyatların istifadəsi və qlobal tələbin zəifləməsi göstərilir.
“Fitch” bildirir ki, Hörmüz boğazındakı məhdudiyyətlər nəticəsində yaranan itkilərin kompensasiyası üçün OPEC ölkələrinin maksimum hasilat gücünə yaxın fəaliyyət göstərməsi ehtimal olunur. Münaqişədən əvvəl kartelin sərbəst hasilat gücü gündəlik 3,6 milyon barel səviyyəsində qiymətləndirilirdi.
Agentliyin proqnozuna görə, OPEC-dən kənar ölkələrdə də neft hasilatı gündəlik təxminən 3 milyon barel artacaq. Bu artıma ABŞ və Latın Amerikası ölkələri ilə yanaşı, Qazaxıstan və Venesuelada hasilatın genişlənməsi də daxildir.
“Fitch” əlavə edir ki, mart–aprel aylarında bazar artıq müəyyən adaptasiya mərhələsinə daxil olub. Bu prosesə Beynəlxalq Enerji Agentliyinin ehtiyatlarından 400 milyon barel neftin istifadəsi, gündəlik tələbin 1,6 milyon barel azalması, OPEC-dən kənar hasilatın artması, eləcə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən alternativ boru kəmərlərinin istifadəsi təsir göstərib.
Agentliyin baza ssenarisinə görə, əgər tədarük fasilələri təxminən beş ay davam edərsə və əlavə ehtiyatlar istifadəyə verilməzsə, qlobal bazarın tarazlığa qayıtması üçün gündəlik təxminən 5 milyon barel tələbin azalması tələb oluna bilər.