
ExxonMobil: Müasir texnologiyalarla neft yataqlarında hasilat əmsalı 50%-i, qazda 70%-i keçə bilər
Müasir texnologiyaların tətbiqi nəticəsində neft yataqlarında hasilat əmsalı 50 faizdən, qaz yataqlarında isə 70 faizdən yuxarı ola bilər.
Fins.az xəbər verir ki, bu barədə “ExxonMobil” şirkətinin Qlobal Kəşfiyyat üzrə vitse-prezidenti Con Ardil Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, “ExxonMobil” 145 ildən artıq tarixə malik qlobal enerji şirkəti olaraq bütün növ karbohidrogen resurslarının inkişafı ilə məşğuldur və xüsusilə son illərdə qeyri-ənənəvi resurslar sahəsində fəaliyyətini genişləndirib.
Con Ardil qeyd edib ki, ABŞ-də 1980–1990-cı illərdə horizontal qazma və hidravlik parçalanma texnologiyalarının inkişafı enerji sektorunda ciddi transformasiya yaradıb. Şirkət bu sahəyə təxminən 20 il əvvəl strateji investisiya qərarı verib və həmin vaxtdan etibarən qeyri-ənənəvi resurslara yatırımlarını artırıb.
Onun sözlərinə görə, bu texnologiyaların tətbiqi ABŞ-ni neft və qaz idxalçısından əsas istehsalçı ölkəyə çevirib.
“Hazırda Perm hövzəsində gündəlik təxminən 1,6 milyon barel hasilat həyata keçirilir və bu göstəricinin 1,8 milyon barelə çatdırılması planlaşdırılır”, – deyə o bildirib.
ExxonMobil rəsmisi vurğulayıb ki, enerji sektorunda transformasiya prosesi getdikcə daha sürətlənir və əvvəl 20 il çəkən dəyişikliklər indi 5–10 il ərzində baş verə bilir.
Onun sözlərinə görə, qeyri-ənənəvi resursların inkişafı üçün üç əsas faktor həlledicidir: uyğun geoloji şərait, texnoloji imkanlar və əlverişli kommersiya mühiti.
Con Ardil əlavə edib ki, müasir texnologiyalar sayəsində hasilat əmsalını əhəmiyyətli dərəcədə artırmaq mümkündür və bu, yataqların istismar müddətini uzadaraq şirkətlərin uzunmüddətli strategiyasına birbaşa təsir göstərir.