Cənub Qaz Dəhlizinin maliyyə göstəricilərində güclü sabitlik müşahidə olunur – Moody’s

Cənub Qaz Dəhlizinin maliyyə göstəricilərində güclü sabitlik müşahidə olunur – Moody’s

BİZNES
167

Cənub Qaz Dəhlizi QSC-nin (SGC) dayanıqlı maliyyə profilini qoruyub saxlayacağı gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody’s hesabatında məlumat yayıb.

Hesabatda qeyd olunur ki, SGC-nin maliyyə profili yüksək gəlirlilik, sabit gəlir axınları və orta səviyyəli investisiya ehtiyacları ilə dəstəklənir. İrihəcmli kapital layihələrinin böyük hissəsinin tamamlanmasından sonra kapital xərcləri əsasən təxminən 500 milyon dollar dəyərində “SD Compression” layihəsi və müntəzəm texniki xidmət xərcləri ilə məhdudlaşır.

“Moody’s” bildirir ki, sabit sərbəst pul axını və borc yükünün əhəmiyyətli dərəcədə azalması, o cümlədən 2026-cı ilin martında 2 milyard dollar məbləğində avroistiqrazların ödənilməsi kredit göstəricilərində nəzərəçarpacaq yaxşılaşma yaradıb.

Agentliyin qiymətləndirməsinə görə, perspektivdə əsas boru kəməri aktivlərinin genişləndirilməsi mümkün olsa da, orta müddətli dövrdə yeni iri layihələr planlaşdırılmır və əhəmiyyətli həcmdə yeni borc maliyyələşdirilməsi gözlənilmir.

Hesabatda vurğulanır ki, genişlənmə planları ortaya çıxacağı halda belə, SGC mövcud borc göstəriciləri və böyük həcmdə pul ehtiyatları hesabına maliyyə çevikliyini qoruyur. Şirkətin strateji əhəmiyyəti nəzərə alınaraq səhmdar dəstəyinin də davam edəcəyi proqnozlaşdırılır.

“Moody’s” xatırladır ki, indiyədək SGC dividend ödənişi həyata keçirməyib və mövcud likvidlik SOCAR-ın maliyyə törəmə qurumu olan SOCAR Capital LLC-də qısamüddətli faizli investisiyalar şəklində yerləşdirilib.

Hesabata əsasən, şirkətin dövlət payının XRG şirkətinə satışının tamamlanmasından sonra dividend ödənişlərinə başlanılması gözlənilir. Lakin ödənişlərin həcmi təsdiqlənəcək dividend siyasətindən asılı olacaq.

Analitiklər qeyd edirlər ki, SGC hər il formalaşan pul vəsaitlərinin müəyyən hissəsini bölüşdürə bilsə də, ümumi maliyyə dayanıqlığının qorunacağı gözlənilir. SOCAR Capital LLC-də saxlanılan vəsaitlər əlavə likvidlik buferi kimi çıxış edir və gələcək dividendlərlə əlaqələndirilə bilər.

Qeyd edək ki, bundan əvvəl Moody’s SGC-yə xarici və milli valyutada uzunmüddətli emitent reytinqlərini Baa3 səviyyəsində, baza kredit qiymətləndirməsini isə baa3 səviyyəsində müəyyən edib. Proqnoz isə müsbət olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənub Qaz Dəhlizinin maliyyə göstəricilərində güclü sabitlik müşahidə olunur – Moody’s — Fins.az — Fins.az