
“Cənub Qaz Dəhlizi” üzrə proqnoz “müsbət” saxlanıldı - “Moody's Ratings”
“Moody's Ratings” beynəlxalq reytinq agentliyi Cənub Qaz Dəhlizi üzrə uzunmüddətli emitent kredit reytinqlərini yerli və xarici valyutada “Baa3” səviyyəsində təsdiqləyib.
Fins.az “Moody's Ratings”ə istinadən xəbər verir ki, şirkətin baza kredit qiymətləndirməsi (BCA) də “baa3” səviyyəsində saxlanılıb, reytinq üzrə proqnoz isə “müsbət” qiymətləndirilib.
Agentliyin məlumatına görə, SGC-nin “Baa3” səviyyəsindəki reytinqi və müsbət proqnozu Azərbaycanın suveren reytinqinə uyğundur. “Moody's” bunu şirkətin ölkənin əsas qaz layihələrində dövlət maraqlarını təmsil etməsi, strateji əhəmiyyəti, eləcə də birbaşa və dolayı dövlət mülkiyyətində olması ilə əsaslandırıb.
Bildirilir ki, hazırda dövlət SGC-nin səhmlərinin 49 %-nə birbaşa sahibdir, qalan 51 % isə tamamilə dövlətə məxsus SOCAR-ın mülkiyyətindədir. Agentlik qeyd edir ki, dövlətin 2026-cı ilin sonunadək SGC-nin minoritar səhm paketini Əbu-Dabi Milli Neft Şirkətinin beynəlxalq investisiya bölməsi olan XRG şirkətinə satmaq planına baxmayaraq, hökumətin şirkətin strategiyası və siyasəti üzərində nəzarətini qoruyacağı gözlənilir.
“Moody's”in qiymətləndirməsinə əsasən, dövlətlə bağlı emitentlərin reytinq metodologiyasına uyğun olaraq SGC dövlətlə əlaqəli emitent kimi nəzərdən keçirilir. Bu yanaşma şirkətin müstəqil kredit qabiliyyətini əks etdirən “baa3” səviyyəsində BCA, Azərbaycanın “Baa3” səviyyəsində xarici valyutada suveren reytinqi, şirkətlə dövlət arasında çox yüksək defolt korrelyasiyası və maliyyə çətinlikləri yarandığı halda yüksək dövlət dəstəyi ehtimalını özündə birləşdirir.