
BTQ xətti ilə yükdaşıma 5 dəfə artırılıb - Emil Məmmədov
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttində aparılan modernizasiya işləri yekunlaşdıqdan sonra xəttin ötürücülük qabiliyyəti illik 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu göstərici Orta Dəhlizin beynəlxalq yük daşımalarında rolunu əhəmiyyətli dərəcədə gücləndirir.
Fins.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünən modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tam istismara verilməsinə həsr olunmuş rəsmi tədbir keçirilib.
Emil Məmmədov qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı həm regional, həm də qlobal səviyyədə diqqət mərkəzindədir.
O vurğulayıb ki, ölkənin tranzit potensialının artırılmasında Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu layihələr Azərbaycanın nəqliyyat sisteminin ötürücülük qabiliyyətini bir neçə dəfə artıraraq yük daşımalarının həcminin genişlənməsinə əlavə imkanlar yaradacaq.
ADY rəsmisi bildirib ki, forum çərçivəsində aparılan müzakirələr mövcud infrastrukturun daha səmərəli istifadəsinə və logistika sektorunun dəyişən beynəlxalq bazar şərtlərinə uyğunlaşdırılmasına yönəlib.
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı logistika şirkətlərini bir araya gətirib.