bp-dən Qarabağ yatağında yeni geoloji tədqiqat – risklər və planlama yenilənir

bp-dən Qarabağ yatağında yeni geoloji tədqiqat – risklər və planlama yenilənir

BİZNES
212

bp şirkəti Qarabağ yatağında yataq haqqında məlumatların artırılması, quyuların planlaşdırılması və işlənmə strategiyalarının optimallaşdırılması məqsədilə dənizdibi sensor qovşaqlarla (Ocean Bottom Node – OBN) seysmik tədqiqat həyata keçirib.

Fins.az-ın şirkətə istinadən verdiyi məlumata görə, tədqiqat 2025-ci ilin dekabrında başlayıb və qrafiki qabaqlayaraq martın ortalarında başa çatıb. Hazırda əldə olunmuş məlumatların emalı prosesi davam etdirilir.

Bunun ardınca mart ayının ortalarında yüksək dəqiqlikli (HR) və ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat proqramına start verilib. Bu mərhələdə əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji risklərin, eləcə də platforma və digər infrastrukturun təhlükəsiz quraşdırılmasına mane ola biləcək yeraltı təhlükələrin müəyyənləşdirilməsidir. HR/UHR seysmik tədqiqatın 45 günədək davam edəcəyi planlaşdırılır.

Eyni zamanda ADUA layihəsi çərçivəsində suyun 20–40 metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. Aprelin ortalarında başlayan və ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqat 20 gün davam edib.

Məlumata əsasən, tədqiqatın əsas məqsədi yerin təxminən 1500 metr dərinliyinədək qatlar barədə daha ətraflı məlumat əldə etmək və gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək vermək olub. Eyni zamanda yeraltı qırılmalar, dayaz qatlarda toplanmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatlarına və quyu bütövlüyünə təsir edə biləcək risklərin müəyyənləşdirilməsinə imkan yaradıb.

Qeyd edilib ki, ADUA blokunda seysmik tədqiqata aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin dekabrında ictimaiyyətə açıqlanıb və sənədin yekun versiyası bu ilin mart ayında dövlət tərəfindən təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...