
bp AI texnologiyası ilə qazma planlamasında inqilabi sürət artımı əldə edib
Fins.az - bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib ki, süni intellektin tətbiqi enerji sektorunda əməliyyat proseslərini köklü şəkildə dəyişib.
Onun sözlərinə görə, əvvəllər yeni bir quyunun planlaşdırılması təxminən 300 gün vaxt aparırdı. Lakin süni intellekt (AI) həllərinin tətbiqi nəticəsində bu müddət 50 günə qədər azaldılıb. Bu isə proseslərin təxminən 6 dəfə sürətlənməsi deməkdir.
Kristofoli qeyd edib ki, enerji sektorunda uğurun əsas şərti güclü əməkdaşlıq və texnologiyaların inteqrasiyasıdır. Onun fikrincə, dövlətlər, şirkətlər və texnoloji tərəfdaşlar arasında koordinasiya olmadan iri enerji layihələrinin icrası mümkün deyil.
O, həmçinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağını dünya səviyyəli nümunə kimi qiymətləndirib və burada hasilatın illik azalmasının qlobal orta göstəricidən daha aşağı – təxminən 3% səviyyəsində saxlanıldığını vurğulayıb.
bp nümayəndəsi əlavə edib ki, şirkət hazırda 4D seysmik texnologiyalar, geosteerinq və süni intellekt əsaslı məlumat emalı sistemlərini geniş tətbiq edir. Bu texnologiyalar həm yataqların daha səmərəli işlənməsinə, həm də əməliyyat risklərinin azaldılmasına imkan verir.
Onun sözlərinə görə, bp və tərəfdaşlarının iştirakı ilə yaradılmış süni intellekt platforması seysmik məlumatların emalını həyata keçirərək yalnız yerli deyil, beynəlxalq layihələrdə də istifadə olunur.