Beynəlxalq enerji layihələrində yeni xidmət imkanları genişlənir

Beynəlxalq enerji layihələrində yeni xidmət imkanları genişlənir

BİZNES
225

Fins.azNEQSOL Holding-in tərkibində fəaliyyət göstərən Nobel Energy enerji sənayesində müxtəlif istiqamətlər üzrə kompleks xidmətlər təqdim etməklə həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda fəaliyyətini genişləndirir.

Şirkətdən verilən məlumata görə, Nobel Energy bazarda formalaşan yeni tendensiyaları izləyərək və perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirərək geniş xidmət portfeli yaradıb. Müasir texnologiyaların və innovativ həllərin tətbiqi şirkətin enerji sektorunda səmərəliliyin artırılmasına yönəlmiş əsas fəaliyyət istiqamətlərindən biridir.

Hazırda Nobel Energy törəmə şirkətləri və birgə müəssisələri vasitəsilə 1 900 nəfəri daimi işlə təmin edir. İri layihələrin icrası zamanı isə əlavə olaraq 5 000-dən çox əməkdaş cəlb olunur.

Şirkətin fəaliyyət istiqamətlərinə ofşor və onşor layihələr üzrə Layihələndirmə, Satınalma, Tikinti və Layihə İdarəetməsi (EPCM), təchizat zəncirinin idarə olunması (PSCM), inteqrə olunmuş sənaye xidmətləri, eləcə də qazma və quyu xidmətləri daxildir.

Qazma və quyu xidmətləri

Nobel Energy-nin əsas fəaliyyət istiqamətlərindən biri qazma xidmətləridir. Şirkətin törəmə müəssisəsi SOCAR AQŞ quyuların layihələndirilməsi, üfüqi, maili və çoxtərəfli quyuların qazılması, quyuların əsaslı təmiri və yan gövdələrin qazılması üzrə xidmətlər göstərir. Şirkətin regionda API Spec Q2 Keyfiyyət İdarəetməsi standartı üzrə akkreditə olunmuş yeganə milli qazma şirkəti olduğu bildirilir.

Bununla yanaşı, KCA Deutag və SOCAR AQŞ tərəfindən yaradılmış "Turan Qazma və Mühəndislik Şirkəti" MMC Xəzər şelfi və Mərkəzi Asiyada qazma və mühəndislik xidmətləri həyata keçirir.

İnteqrə olunmuş sənaye xidmətləri

Şirkətin törəmə müəssisəsi Global Energy Solutions (GLENSOL) aktivlərin bütövlüyünün idarə olunması, qaz turbinləri və kompressorların texniki xidməti, elektrik avadanlıqlarının təmiri, istismara verilməsi və texniki xidmət sahələrində fəaliyyət göstərir.

Şirkətin məlumatına görə, GLENSOL Azərbaycanda avadanlıqların texniki xidməti və əsaslı təmirinə kompleks yanaşma təqdim edən ilk şirkətlərdən biridir.

EPCM və layihələrin idarə olunması

Nobel Energy Wood şirkəti ilə yaratdığı Wood Group Azerbaijan birgə müəssisəsi vasitəsilə Xəzər regionunda mühəndislik, satınalma və tikintinin idarə olunması (EPCM) xidmətləri göstərir.

Qrupun digər törəmə müəssisəsi PROKON infrastruktur və sənaye obyektlərinin layihələndirilməsi, tikintisi, istismara verilməsi, texniki xidməti və əməliyyatların idarə olunmasını həyata keçirir. SDL Nobel isə montaj, materialların yoxlanılması və texniki sınaqlar daxil olmaqla müxtəlif sənaye xidmətləri təqdim edir.

Təchizat zəncirinin idarə olunması

Nobel Energy-nin Llamrei DMCC şirkəti satınalma, logistika, ekspedisiya, anbar və materialların idarə olunmasını əhatə edən inteqrə edilmiş PSCM xidmətləri göstərir.

Şirkət bildirir ki, logistika xidməti qlobal təchizatçılardan alınan avadanlıq və materialların müştərilərə vaxtında çatdırılmasını təmin etməklə iri layihələrin fasiləsiz icrasında mühüm rol oynayır.

Beynəlxalq fəaliyyət coğrafiyası

Məlumata əsasən, Nobel Energy Qrup şirkətləri Avropa, Asiya və ABŞ daxil olmaqla müxtəlif regionlarda fəaliyyət göstərir. Şirkət sahə əməliyyatları və texniki xidmət, layihə və tikinti idarəetməsi, qazma, hazırlanma və istehsal, EPCM, təchizat zəncirinin idarə olunması, eləcə də bərpa olunan enerji layihələri üzrə xidmətlər təqdim edir.

Beləliklə, Nobel Energy geniş xidmət portfeli, beynəlxalq tərəfdaşlıqları və innovativ texnologiyalara əsaslanan həlləri ilə enerji sektorunda fəaliyyətini davam etdirən aparıcı şirkətlərdən biri kimi mövqeyini möhkəmləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Beynəlxalq enerji layihələrində yeni xidmət imkanları genişlənir — Fins.az — Fins.az