
Bakıda keçiriləcək aqrar sərgilərdə 447 şirkət iştirak edəcək
Mayın 5-8-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisində 45 ölkədən 447 şirkət iştirakını təsdiq edib.
Fins.az xəbər verir ki, bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən məlumat verilib. Bundan əvvəl 30-dan çox ölkədən 300-dən çox şirkətin sərgilərə qatılacağı bildirilmişdi.
Məlumata görə, sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.
İndiyə qədər "Caspian Agro" adı ilə tanınan sərgi bu ildən "Caspian Agro Week" adı ilə təşkil edilir. Sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər.