Bakıda İslam İnkişaf Bankının toplantısı keçiriləcək: 2 000-dən çox nümayəndə gəlir

Bakıda İslam İnkişaf Bankının toplantısı keçiriləcək: 2 000-dən çox nümayəndə gəlir

BİZNES
346

2026-cı ildə Bakıda keçiriləcək İslam İnkişaf Bankı (IsDB / İİB) Qrupunun 51-ci illik toplantısının rəsmi mövzusu “Dayanıqlı rifah naminə regional inteqrasiya” elan olunub.

Fins.az xəbər verir ki, mövzu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir tərəfindən təqdim edilib.

IsDB-də bildirilib ki, seçilmiş mövzu qlobal miqyasda artan geosiyasi parçalanma, iqlim dəyişiklikləri və təchizat zəncirlərində qeyri-sabitlik kimi çağırışlar fonunda xüsusi aktuallıq daşıyır.

Qurumun bəyanatına əsasən, “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusu IsDB Qrupunun 2026–2035-ci illəri əhatə edən onillik strateji çərçivə proqramına uyğun olaraq regional əməkdaşlığın uzunmüddətli və dayanıqlı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi rolunu ön plana çıxarır.

Bəyanatda qeyd olunur ki, birbaşa xarici investisiyalar və rəsmi inkişaf yardımı üzərində artan təzyiqlər fonunda iqtisadi, sosial və infrastruktur əlaqələrinin gücləndirilməsi üzv ölkələrdə xarici şoklara daha dayanıqlı inkişaf modelinin formalaşmasına və inklüziv rifahın təmin olunmasına töhfə verəcək.

İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantısı 2026-cı il iyunun 16-dan 19-dək Bakıda keçiriləcək və qlobal inkişaf məsələləri üzrə mühüm dialoq platformalarından biri kimi çıxış edəcək.

Toplantıda maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli nümayəndələri, özəl sektor rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri daxil olmaqla 2 000-dən çox nümayəndənin iştirakı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda İslam İnkişaf Bankının toplantısı keçiriləcək: 2 000-dən çox nümayəndə gəlir — Fins.az — Fins.az