
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli artıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ərzurum (BTƏ) Cənubi Qafqaz boru kəməri vasitəsilə 11 milyard 442,2 milyon kubmetr təbii qaz nəql edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 206,5 milyon kubmetr və ya 1,8% artıb.
Hesabat dövründə magistral qaz kəmərləri ilə ümumilikdə 20 milyard 792,2 milyon kubmetr qaz nəql olunub. Bu isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 531,7 milyon kubmetr və ya 2,6% çoxdur.
Yanvar-iyun aylarında magistral qaz kəmərləri ilə nəql olunan qazın ümumi həcminin 55%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.
Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.
Kəmər 2006-cı ilin sonunda istismara verilib və "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli həyata keçirilməyə başlanıb. 2018-ci ilin yayından etibarən isə "Şahdəniz" yatağının ikinci mərhələsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.