
"Azərkosmos"un ixrac gəlirləri artıb
2026-cı ilin yanvar-mart aylarında Kosmik Agentlik (“Azərkosmos”) tərəfindən dünyanın 32 ölkəsindən 90-a yaxın şirkətə 4,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Fins.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün aprel sayına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyon manat və ya 2,5% artım deməkdir. Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlirlər şirkətin ümumi gəlirlərinin 64%-ni təşkil edib.
Peyk telekommunikasiya xidmətlərinin ixrac coğrafiyasına gəldikdə, əsas tərəfdaş ölkələr sırasında Birləşmiş Krallıq 1.1 milyon ABŞ dolları ilə birinci yerdə qərarlaşıb. Növbəti yerlərdə 809.1 min ABŞ dolları ilə Lüksemburq, 271.1 min ABŞ dolları ilə Türkiyə, 261.1 min ABŞ dolları ilə Pakistan və 187.2 min ABŞ dolları ilə İsveç yer alıb.