
Azərbaycanın Rusiyaya elektrik enerjisi ixracı dəyər ifadəsində artıb, həcm isə azalıb
Bu ilin yanvar–fevral aylarında Azərbaycandan Rusiya-ya 21,476 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,189 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 4,7 milyon kVt/saat və ya 27,7% azalıb. Lakin dəyər ifadəsində 572 min ABŞ dolları və ya 1,9 dəfə artım qeydə alınıb.
Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Rusiyadan Azərbaycana 544 min ABŞ dolları dəyərində, 13,820 milyon kVt/saat elektrik enerjisi idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6,5% artım, həcm baxımından isə 13% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan ümumilikdə Rusiya, Gürcüstan və İran istiqamətləri üzrə 3,923 milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,4 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saat və ya 4,1 dəfə azalma deməkdir.
Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan həmin ölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6,5% artım, həcm baxımından isə 13,6% azalma deməkdir.