Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artıb

BİZNES
357

2025-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,920 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 120,4 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,08%-ni təşkil edib və Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü yerə yüksəlib.

2025-ci ildə Azərbaycandan Rusiyaya ixrac 1,184 milyard ABŞ dolları olub. Bu, 2024-cü illə müqayisədə 5,4 milyon ABŞ dolları və ya 0,5% çoxdur. İxracın 1,174 milyard ABŞ dolları qeyri-neft məhsullarının payına düşüb ki, bu da illik müqayisədə 12,4 milyon ABŞ dolları və ya 1,1% artım deməkdir. Nəticədə, Rusiya Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısı olub.

Hesabat dövründə Rusiyadan Azərbaycana 3,736 milyard ABŞ dolları dəyərində məhsul idxal olunub. Bu, 2024-cü illə müqayisədə 115 milyon ABŞ dolları və ya 3,2% artım deməkdir. Beləliklə, Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında Çindən sonra ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalarkən, idxal 3,322 milyard dollar və ya 15,8% artıb.

Nəticədə, xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az