Azərbaycanın iqtisadi artımı 2026-cı ildə sürətlənəcək – Fitch

Azərbaycanın iqtisadi artımı 2026-cı ildə sürətlənəcək – Fitch

BİZNES
261

Neft və qaz qiymətlərinin artımı Azərbaycanın xarici maliyyə göstəricilərinə və dövlət büdcəsinə müsbət təsir göstərərək 2026-cı ildə iqtisadi artım tempinin sürətlənməsinə şərait yarada bilər.

Fins.az-ın məlumatına görə, bu barədə Fitch Ratings agentliyinin hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, Yaxın Şərqdəki münaqişə fonunda karbohidrogenlərin bahalaşması Azərbaycanın ikili profisitlərini gücləndirəcək. Agentliyin baza ssenarisinə əsasən, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,5%-i səviyyəsində qalacaq, konsolidasiya olunmuş büdcə profisiti isə Dövlət Neft Fondunun aktivlərinin gəlirliliyində gözlənilən azalmaya baxmayaraq ÜDM-in 2,1%-nə çatacaq.

Analitiklər qeyd edir ki, 2025-ci ildə karbohidrogen hasilatının 1,6% azalması nəticəsində iqtisadi artım 2024-cü ildəki 4,1%-dən 1,4%-ə düşsə də, 2026-cı ildə artım tempinin yenidən sürətlənəcəyi gözlənilir.

Hesabata əsasən, qeyri-neft sektorunun iqtisadiyyatda payı dəyişkən olaraq qalır və əsasən neft qiymətlərindən asılıdır. Bu göstərici 2015-ci ildəki 63,5% maksimum səviyyədən 2022-ci ildə neft qiymətlərinin son 14 ilin ən yüksək həddinə çatması fonunda 9 faiz bəndi azalıb.

Agentlik xidmət sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və turizmin iqtisadi artıma töhfəsinin artdığını qeyd edir. Bu sahələr 2025-ci ildə iqtisadi artıma 0,2 faiz bəndi əlavə edib.

Eyni zamanda, Azərbaycanın strateji coğrafi mövqeyi, o cümlədən Xəzər dənizi üzərində yerləşən iri liman infrastrukturu ölkənin Orta Dəhliz çərçivəsində tranzit qovşağı kimi əhəmiyyətini artırıb. Ukrayna müharibəsindən sonra quru yükdaşımalarının həcmi iki dəfədən çox artaraq 2022–2024-cü illərdə xidmət ixracının orta hesabla 27%-nə çatıb, ÜDM-dəki payı isə 2,3% olub.

Bundan əlavə, “Fitch Ratings” qeyri-neft gəlirlərində əhəmiyyətli artımın qeydə alındığını vurğulayır. Belə ki, 2022–2025-ci illərdə bu gəlirlər ümumi büdcə daxilolmalarının təxminən yarısına və ÜDM-in 13%-nə çatıb.

Hesabatda qeyd olunur ki, fiskal qaydaya əsasən qeyri-neft kəsiri 2029-cu ilə qədər qeyri-neft ÜDM-in 13%-dən aşağı səviyyəsinə endirilməlidir. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 20,4% təşkil edib. Bu hədəfə nail olmaq üçün qeyri-neft gəlirlərinin artırılması, institusional bazanın gücləndirilməsi, nəzarət mexanizmlərinin sərtləşdirilməsi və aydın fiskal siyasətin formalaşdırılması vacib hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın iqtisadi artımı 2026-cı ildə sürətlənəcək – Fitch — Fins.az — Fins.az