
Azərbaycandan Türkiyəyə neft ixracı artıb
2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan Türkiyəyə 25,9 milyon ABŞ dolları dəyərində 56 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,9 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm baxımından isə 32 min ton və ya 2,3 dəfə artım deməkdir.
Məlumata əsasən, ötən ilin yanvar–mart aylarında Azərbaycandan Türkiyəyə 12 milyon ABŞ dolları dəyərində 24 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Eyni zamanda, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%, fiziki həcm baxımından isə 934 min ton və ya 15,5% azalma ilə qeydə alınıb.