Azərbaycanda yaşıl enerjinin payı artır: istehsalın üçdə biri bərpa olunan mənbələrdən təmin edilib

Azərbaycanda yaşıl enerjinin payı artır: istehsalın üçdə biri bərpa olunan mənbələrdən təmin edilib

BİZNES
264

Bu ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 33%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.

Fins.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, may ayında ölkədə ümumilikdə 2 milyard 83,4 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Bunun 689 milyon kVt-saatı bərpa olunan enerji mənbələri hesabına təmin edilib.

Nazirlik bildirib ki, Naxçıvan Muxtar Respublikasında may ayında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb ki, bu da ölkənin yaşıl enerji strategiyasının uğurlu nəticələrindən biri kimi qiymətləndirilir.

Azərbaycanın bərpa olunan enerji potensialının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Mövcud planlara əsasən, 2027-ci ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə külək elektrik stansiyalarında 327,5 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 321,9 milyon kVt-saat və ya 58,5 dəfə çoxdur.

Eyni dövrdə günəş elektrik stansiyalarında 121,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Bu isə 2025-ci ilin analoji dövrü ilə müqayisədə 7,8 milyon kVt-saat və ya 6% azalma deməkdir.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-aprel aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 322,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə istehsalın həcmi 201 milyon manat təşkil edib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi-nin direktoru Cavid Abdullayev bildirib ki, 2030-cu ilədək ümumi gücü 6 giqavata qədər, 2033-cü ilədək isə 8 giqavata qədər bərpa olunan enerji layihələrinin reallaşdırılması gözlənilir.

Onun sözlərinə görə, bu genişlənmə nəticəsində yaranacaq elektrik enerjisi artıqlığı hazırda müxtəlif inkişaf mərhələlərində olan dörd interkonnektor vasitəsilə xarici bazarlara ixrac edilə bilər.

Cavid Abdullayev qeyd edib ki, hazırda günəş və külək enerjisi ilə yanaşı, digər bərpa olunan enerji mənbələrinin də araşdırılması istiqamətində ixtisaslaşmış elmi-tədqiqat institutlarının iştirakı ilə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yaşıl enerjinin payı artır: istehsalın üçdə biri bərpa olunan mənbələrdən təmin edilib — Fins.az — Fins.az