
Azərbaycanda tikinti sektoruna 798 milyon manat investisiya qoyulub
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 798,2 milyon manat olub.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,9% azdır.
Hesabat dövründə tikinti sahəsinə yönəldilmiş investisiyaların ümumi investisiyalar içində payı 19,7% təşkil edib.
Sektor daxilində ən böyük pay mənzil tikintisinin üzərinə düşüb. Belə ki, bu istiqamətə 510,4 milyon manat vəsait yönəldilib. Bununla belə, bu göstərici illik müqayisədə 26,6% azalma deməkdir. Mənzil tikintisinin ümumi investisiyalardakı payı isə 12,6% olub.
Eyni zamanda qeyd edək ki, 2026-cı ilin ilk rübündə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat investisiya qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çoxdur. Bu dövrdə neft-qaz sektoruna yatırımlar 44,6%, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,2% artıb.
Ümumi sərmayə strukturunda 2 milyard 286,6 milyon manat və ya 56,5% məhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manat və ya 30,9% xidmət sahələrinin, 510,4 milyon manat və ya 12,6% isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Sərmayələrin maliyyələşmə mənbələrinə gəldikdə, ümumi investisiyaların 34,3%-i dövlət, 65,7%-i isə qeyri-dövlət sektorunun payına düşür. Daxili mənbələr hesabına yönəldilmiş investisiyalar isə ümumi sərmayənin 72,2%-ni təşkil edib.