Azərbaycanda standartlaşdırma üzrə növbəti mərhələ: 2026–2028 proqramı təsdiqlənib

Azərbaycanda standartlaşdırma üzrə növbəti mərhələ: 2026–2028 proqramı təsdiqlənib

BİZNES
352

Son illərdə ölkədə standartlaşdırma sahəsində görülən işlərin dövlət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılmasını şərtləndirdiyi qeyd olunur.

Fins.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən “AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartının təqdimatında bildirib.

Onun sözlərinə görə, standartlaşdırma inkişaf etmiş iqtisadiyyatın əsas elementlərindən biri hesab olunur və keyfiyyətli məhsul və xidmətlərin istehsalı, rəqabət qabiliyyətinin artırılması, eləcə də dünya bazarına çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

Qeyd olunub ki, qloballaşan dünya iqtisadiyyatında ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi məhsul və xidmətlərin müxtəlif bazarlarda qəbul olunması və uyğunluğunun təmin edilməsi üçün beynəlxalq standartların tətbiqini zəruri edir.

Bildirilib ki, beynəlxalq standartlar əsasında milli standartların qəbul edilməsi malların təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasına, insan sağlamlığının qorunmasına və ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, onların rəqabət qabiliyyətini və ixrac potensialını da artırır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib və bu proqram çərçivəsində texniki tənzimləmə sisteminin formalaşdırılması, istehlakçı hüquqlarının qorunması və ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb.

Eyni zamanda bildirilib ki, iqtisadiyyatın bütün sahələrində müasir texnologiyaların tətbiqini və rəqabətqabiliyyətli məhsul və xidmətlərin istehsalını təmin etmək məqsədilə “2026–2028-ci illər üçün milli standartlaşdırma proqramı” da təsdiqlənib.

Qeyd edilib ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilən “Tədbir davamlılığının idarəetmə sistemləri - Tələblər və istifadə üçün təlimat” dövlət standartı bu sahədə mühüm yeniliklərdən biridir. Bildirilib ki, sözügedən standart tədbirlərin planlaşdırılması, təşkili və idarə olunması proseslərində davamlılıq prinsiplərinin sistemli tətbiqinə imkan yaradır.

Məlumata görə, standart tədbirlərin bütün mərhələlərində – planlaşdırmadan icraya və nəticələrin qiymətləndirilməsinədək davamlı idarəetmə yanaşmasının tətbiqini təmin edir.

Vurğulanıb ki, bu standart ISO beynəlxalq standartı əsasında hazırlanıb və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlıq çərçivəsində qəbul edilib.

Sonda qeyd olunub ki, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunluq təşkil edən bu standartın tətbiqi ölkədə tədbir sənayesinin daha müasir, məsuliyyətli və davamlı əsaslarla inkişafına töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda standartlaşdırma üzrə növbəti mərhələ: 2026–2028 proqramı təsdiqlənib — Fins.az — Fins.az