
Azərbaycanda sənaye zonalarında istehsal həcmi artıb
2026-cı ilin birinci rübü ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artıb.
Fins.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata əsasən, cari ilin birinci rübündə sənaye zonalarının rezidentləri tərəfindən ümumilikdə 883 milyon manat dəyərində məhsul istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% artım deməkdir.
Qeyd olunub ki, sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestisiya fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra vergi güzəştlərindən yararlanırlar.
Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika və texnoloji avadanlıqlara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur. Bu tədbirlər investisiya xərclərinin optimallaşdırılmasına və istehsalın genişləndirilməsinə əlavə imkanlar yaradır.