
Azərbaycanda qeyri-neft ixracı bu ilin ilk rübündə 12% artıb
2026-cı ilin ilk rübündə ölkəmizin qeyri-neft-qaz ixracının dəyəri illik müqayisədə 12% artaraq 862 milyon ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə AZPROMO icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda bildirib.
O qeyd edib ki, ixracın artım dinamikasının davamlı olması üçün yerli istehsalçıların beynəlxalq platformalarda iştirakı, alıcılarla birbaşa əlaqə və yeni bazarlara çıxış xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, AZPROMO bu istiqamətdə sistemli fəaliyyət göstərir və Azərbaycan şirkətlərinin qlobal və yerli sərgilərdə iştirakını dəstəkləyir.
Bildirilib ki, “Made in Azerbaijan” brendi altında məhsullar vahid ölkə stendlərində təqdim olunur, ixrac müqavilələri imzalanır və yeni bazarlara çıxış təmin edilir. 2025-ci ildə 46 şirkət “The Saudi Food Show 2025”, “Russia Halal Expo 2025”, “KazBuild 2025”, “Anuga 2025”, “CIIE 2025” və “Big 5 Global 2025” daxil olmaqla 6 beynəlxalq sərgidə iştirak edib.
Y. Abdullayev əlavə edib ki, 2026-cı ildə də ixracatçıların dəstəklənməsi davam etdirilir. Cari ildə Azərbaycan şirkətləri Dubayda “Gulfood 2026”, Düsseldorfdakı “ProWein 2026” sərgilərində iştirak edib, həmçinin “Russia&Islamic World Cooperation Expo 2026” və sentyabrda Ər-Riyadda keçiriləcək “Saudi Food Expo 2026” sərgilərinə hazırlıq aparılır. Oktyabr ayında isə “Rebuild Karabakh” sərgisində iştirak planlaşdırılır.
Eyni zamanda AZPROMO “InterFood” sərgisində stendlə iştirak edir və burada bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, alkoqolsuz içkilər, şərab və süd məhsulları istehsal edən 10 şirkət təmsil olunur. Sərgi çərçivəsində Belarus və İtaliya şirkətləri ilə B2B görüşlərin təşkili də planlaşdırılır.