
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25,511 milyard manat dəyərində mal satılıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi “Ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilib.
Məlumata görə, pərakəndə ticarət dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8% artıb.
Qeyd olunub ki, cari ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib. Bu dövrdə iqtisadiyyat ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artım göstərib.
Hesabatda bildirilib ki, neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manata enib, qeyri-neft-qaz sektorunda isə 0,4% artaraq 35,658 milyard manata yüksəlib.
Eyni zamanda sənaye sektorunda 27,524 milyard manatlıq məhsul istehsal edilib ki, bu da real ifadədə 0,2% artım deməkdir. Qeyri-neft-qaz sənayesində istehsalın həcmi isə 8,956 milyard manat təşkil edərək 5,8% artım göstərib.