
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,7% artıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artım nümayiş etdirib.
Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatına əsasən, hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32 milyard 389 milyon manat dəyərində mal satılıb.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb.
Komitənin məlumatına əsasən, 2026-cı ilin ilk altı ayında Azərbaycan iqtisadiyyatına 9 milyard 295 milyon manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% çoxdur.
Eyni zamanda, hesabat dövründə qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 5,5% azalaraq 6 milyard 132 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkədə 65 milyard 207 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb.
Hesabatda həmçinin qeyd olunub ki, 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 617 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% azdır.
Bununla yanaşı, ölkənin strateji valyuta ehtiyatları 2026-cı il iyulun 1-nə 85 milyard 769 milyon ABŞ dollarına çatıb. Bu göstərici illik müqayisədə 10,4% artım deməkdir.