Azərbaycanda inflyasiya proqnozları: 2026 və 2027 üçün gözləntilər açıqlanıb

Azərbaycanda inflyasiya proqnozları: 2026 və 2027 üçün gözləntilər açıqlanıb

BİZNES
340

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövründə də orta illik inflyasiya 5,7% səviyyəsində qeydə alınmışdı. Bu isə qiymət artım dinamikasında sabitliyin qorunduğunu göstərir.

Eyni zamanda Azərbaycan Mərkəzi Bankı bildirib ki, baza ssenariyə əsasən 2026 və 2027-ci illərin sonuna inflyasiyanın hədəf diapazonunda qalacağı proqnozu dəyişməz saxlanılıb. Lakin son makroiqtisadi meyillərin təhlili 2026-cı il üzrə inflyasiya proqnozunda artım istiqamətində düzəliş ehtimalını gündəmə gətirir.

Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, 2026-cı ilin fevral ayında 12 aylıq inflyasiya 5,7% olub. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 3,7% təşkil edib. İllik baza inflyasiya isə 5,6% səviyyəsində qeydə alınıb. Bildirilib ki, inflyasiyanın əsas formalaşma səbəbi xarici mənşəli xərc amilləridir.

Beynəlxalq maliyyə təşkilatlarının proqnozlarına görə, Azərbaycanda inflyasiya yaxın illərdə müxtəlif trayektoriyalar üzrə dəyişə bilər. Asiya İnkişaf Bankı 2026-cı ildə inflyasiyanın 5,7% olacağını, 2027-ci ildə isə 4,9%-ə qədər enəcəyini proqnozlaşdırır.

Digər tərəfdən, “ING” qrupu 2026 və 2027-ci illərdə inflyasiyanın müvafiq olaraq 5,2% və 4,6% səviyyəsində olacağını ehtimal edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda inflyasiya proqnozları: 2026 və 2027 üçün gözləntilər açıqlanıb — Fins.az — Fins.az