Azərbaycanda günəş paneli zavodu inşa olunacaq

Azərbaycanda günəş paneli zavodu inşa olunacaq

BİZNES
179

Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni iri layihə həyata keçiriləcək. Çin şirkətinin iştirakı ilə günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə yaxın həftələrdə başlanması planlaşdırılır.

Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, müəssisənin ilkin istehsal gücü ildə təxminən 3 QVt təşkil edəcək. Gələcək mərhələdə isə istehsal həcminin 10 QVt-a çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, layihə günəş enerjisinin maya dəyərinin azalmasına və bərpa olunan enerji resurslarına çıxışın genişlənməsinə şərait yaradacaq. Eyni zamanda, külək energetikası üçün komponentlərin, o cümlədən turbin pərləri və qüllələrinin yerli istehsalı da gündəmdədir.

Vurğulanır ki, iri külək enerji avadanlıqlarının daşınması həm bahalı, həm də logistik baxımdan çətindir. Buna görə də istehsalın lokallaşdırılması iqtisadi cəhətdən daha səmərəli hesab olunur.

Layihə çərçivəsində 2025-ci il sentyabrın 9-da Azərbaycan və Çin tərəfləri arasında investisiya sazişi imzalanıb. Saziş “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkəti ilə Ələt Azad İqtisadi Zonası İdarəsi arasında bağlanıb.

Sənədə əsasən, 23 hektar ərazidə üç müasir istehsal müəssisəsi inşa ediləcək. Burada günəş panelləri ilə yanaşı, silisium kristalları və digər komponentlərin istehsalı da planlaşdırılır.

Hazırlanacaq məhsullar həm yerli enerji layihələrində, o cümlədən Ələt Azad İqtisadi Zonasında günəş elektrik stansiyasının qurulmasında istifadə olunacaq, həm də ixrac üçün nəzərdə tutulacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda günəş paneli zavodu inşa olunacaq — Fins.az — Fins.az