Azərbaycanda gümüş istehsalı əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda gümüş istehsalı əhəmiyyətli dərəcədə artıb

BİZNES
129

Fins.az – "Anglo Asian Mining" şirkəti 2026-cı ilin ilk yarısında Azərbaycanda gümüş istehsalını əhəmiyyətli dərəcədə artıraraq 92 855 unsiyaya çatdırıb.

Şirkətin hesabatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 62 348 unsiya ilə müqayisədə nəzərəçarpacaq artım deməkdir.

2026-cı ilin ikinci rübündə isə şirkət 50 059 unsiya gümüş istehsal edib. Bu, ötən ilin eyni dövründə istehsal olunan 32 033 unsiyadan yüksəkdir.

Şirkətin məlumatına görə, ikinci rübdə istehsal olunan gümüşün 5 775 unsiyası qızıl dore ərintisinin tərkibində əldə edilib, 44 284 unsiyası isə flotasiya prosesi və SART texnologiyasından istifadə edilməklə emal nəticəsində istehsal olunub.

"Anglo Asian Mining" bildirib ki, 2026-cı ilin ilk yarısında əldə olunan nəticələr maliyyə ili üzrə müəyyən edilmiş gözləntilərə uyğundur.

Şirkət hesab edir ki, 2026-cı ilin ikinci yarısında Dəmirli layihəsinin üçüncü rübdə layihə gücünə çatması və mövsümi amillərin təsiri ilə istehsal həcmi ilk yarımillə müqayisədə daha da artacaq.

Direktorlar Şurası 2026-cı il üzrə müəyyən edilmiş istehsal hədəflərinə nail olunacağına əminliyini ifadə edib. Bu hədəflərə 20–25 min ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş istehsalı daxildir. Şirkət eyni zamanda mis istehsalına fokuslanan orta miqyaslı istehsalçı statusuna keçidi nəzərdə tutan orta müddətli inkişaf strategiyasını davam etdirəcəyini bildirib.

Qeyd edək ki, "Anglo Asian Mining plc" Azərbaycanda mis və qızıl hasilatı ilə məşğul olan, həmçinin geniş kəşfiyyat aktivlərinə malik şirkətdir. Müəssisə 2025-ci ilin yekunlarına əsasən 7 915 ton mis və 25 061 unsiya qızıl istehsal edib.

Şirkətin strateji inkişaf planına əsasən, 2030-cu ilədək bir neçə aktivə malik orta miqyaslı mis və qızıl istehsalçısına çevrilməsi nəzərdə tutulur. Bu dövrdə mis şirkətin əsas məhsuluna çevriləcək və illik mis istehsalının 50–55 min ton səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Şirkət bu məqsədə 2027–2030-cu illərdə Xarxar, Qaradağ və Zəfər yataqlarında üç yeni mədənin istismara verilməsi hesabına nail olmağı planlaşdırır. Bu mədənlər Gilar və Dəmirli yataqları ilə birlikdə fəaliyyət göstərəcək. Gilar mədənində hasilata 2025-ci ilin may ayında, Dəmirli mədənində isə 2025-ci ilin iyul ayında başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda gümüş istehsalı əhəmiyyətli dərəcədə artıb — Fins.az — Fins.az