
Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 17% artıb
2026-cı ilin yanvar-mart aylarında xarici maliyyə mənbələri hesabına Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 1 milyard 125,5 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artım deməkdir.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, xarici investisiyaların əsas hissəsi neft-qaz sektoruna yönəlib. Belə ki, ümumi vəsaitin 941,3 milyon manatı bu sahəyə yatırılıb, qeyri-neft-qaz sektoru isə 184,2 milyon manat investisiya cəlb edib.
Müqayisəli göstəricilər göstərir ki, 2025-ci ilin yanvar-mart dövrü ilə müqayisədə neft-qaz sektoruna yönələn xarici investisiyalar 45,6 faiz artıb. Əksinə, qeyri-neft-qaz sektoru üzrə investisiyalarda 41,6 faiz azalma qeydə alınıb.
Eyni dövrdə ölkə üzrə bütün maliyyə mənbələrindən əsas kapitala yatırılan investisiyaların ümumi həcmi 4 milyard 49,8 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir.
Ümumi investisiya portfelində neft-qaz sektoruna yatırımlar 44,6 faiz, qeyri-neft-qaz sektoruna yatırımlar isə 2,2 faiz artım nümayiş etdirib.
İnvestisiya strukturuna baxdıqda, ümumi vəsaitin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinə yönəlib. Xidmət sektorunun payı 1 milyard 252,8 milyon manat və ya 30,9 faiz, yaşayış evlərinin tikintisi isə 510,4 milyon manat və ya 12,6 faiz təşkil edib.
Sərmayələrin strukturunda dövlət sektorunun payı 34,3 faiz, qeyri-dövlət sektorunun payı isə 65,7 faiz olub. Daxili mənbələrdən formalaşan investisiyalar isə ümumi həcmin 72,2 faizini təşkil edib.