
Azərbaycanda dəmir yolu ilə 458,3 milyon dollarlıq yük daşınıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitələri ilə 458,3 milyon ABŞ dolları dəyərində 1,058 milyon ton yük daşınıb.
Fins.az Dövlət Gömrük Komitəsi-nə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 68,2 milyon ABŞ dolları və ya 13%, həcm ifadəsində isə 206,025 min ton və ya 16,3% azdır.
Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 120,1 milyon ABŞ dolları dəyərində təxminən 323,1 min ton yük ixrac olunduğu bildirilir ki, bu da illik müqayisədə dəyər ifadəsində 7,639 milyon ABŞ dolları və ya 6%, həcm ifadəsində isə 92,9 min ton və ya 22,3% azalma deməkdir.
Eyni zamanda qeyd olunur ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 338,2 milyon ABŞ dolları dəyərində 735,4 min ton yük idxal edilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60,6 milyon ABŞ dolları və ya 15,2%, həcm ifadəsində isə 113,1 min ton və ya 13,3% azdır.
Komitənin məlumatına əsasən, ümumilikdə 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 6,264 milyard ABŞ dolları dəyərində 9,062 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,640 milyard ABŞ dolları və ya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5% azalma deməkdir.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yük ixrac edildiyi, bunun isə illik müqayisədə dəyər baxımından 1,102 milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyon ton və ya 12,9% azalma olduğu vurğulanır.
Bundan əlavə, bu ilin ilk iki ayında Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dolları dəyərində 1,503 milyon ton yük idxal edildiyi, bunun da 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından isə 417,6 min ton və ya 21,7% az olduğu qeyd edilir.