Azərbaycanda aqrar subsidiyalar genişlənir: yeni məhsullar siyahıya əlavə olunur

Azərbaycanda aqrar subsidiyalar genişlənir: yeni məhsullar siyahıya əlavə olunur

BİZNES
325

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən hər il 4000-dən çox fermerə əkin subsidiyası ödənilir.

Fins.az xəbər verir ki, bunu Agentliyin sədri Yalçın Camalov Bakıda keçirilən V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, subsidiyalar 1 milyon 200 min hektar sahədə aparılan əkinləri əhatə edir.

Y.Camalov qeyd edib ki, hazırda əsas strateji istiqamətlərdən biri əkin subsidiyası modelindən məhsul subsidiyası modelinə keçiddir.

“Əvvəlki illərdə pambıq, şəkər çuğunduru və tütün üzrə məhsul subsidiyası tətbiq olunurdusa, bundan sonra günəbaxan, qarğıdalı, soya, alma və nar üzrə də məhsul subsidiyası veriləcək”, – deyə o bildirib.

Agentlik sədrinin sözlərinə görə, damazlıq heyvanların dəyərinin 60%-i dövlət tərəfindən subsidiya olunur.

Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların alınması zamanı da fermerlərə güzəştlər təqdim edilir.

“Kənd təsərrüfatı texnika və avadanlıqlarının 40%-i dövlət tərəfindən ödənilir”, – deyə Y.Camalov vurğulayıb.

AKİA rəhbəri bildirib ki, son 5 ildə müasir suvarma sistemlərinin subsidiyalaşdırılması nəticəsində 46 min hektardan çox ərazidə bu sistemlər tətbiq olunub.

Y.Camalov əlavə edib ki, fermerlərə mikro kreditlər, texnika kreditləri və nağd kreditlər vasitəsilə dəstək göstərilir.

Onun sözlərinə görə, texnika kreditləri 5 il müddətinə faizsiz təqdim olunur və sonradan həmin faizlər dövlət tərəfindən subsidiyalaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda aqrar subsidiyalar genişlənir: yeni məhsullar siyahıya əlavə olunur — Fins.az — Fins.az