Azərbaycanda 2027–2030 tullantı idarəetmə planı hazırlanır - Vüqar Kərimov

Azərbaycanda 2027–2030 tullantı idarəetmə planı hazırlanır - Vüqar Kərimov

BİZNES
292

Azərbaycanda 2027–2030-cu illəri əhatə edən məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə tullantıların idarə olunması üzrə ixtisaslaşmış agentlik yaradılıb və ekoloji dayanıqlılıqla plastik çirklənmənin azaldılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır.

Vüqar Kərimov qeyd edib ki, dünyada hər il 430 milyon tondan çox plastik istehsal olunur, lakin bunun yalnız təxminən 10 faizi təkrar emala yönləndirilir. O vurğulayıb ki, plastik tullantıların artması ətraf mühitə ciddi zərər vurmaqla yanaşı, iqlim dəyişikliklərinin təsirlərini də gücləndirir.

Nazir müavini əlavə edib ki, ekoloji maarifləndirmə istiqamətində məktəblərdə və universitetlərdə bu məsələlərə diqqətin artırılması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, qlobal çağırışlara cavab vermək üçün uzunmüddətli strateji qərarların indidən qəbul olunması vacibdir və WUF13 bu kimi məsələlərin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş sessiyalarla davam edir.

Forum çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və digər mövzularda müzakirələr aparılır.

Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar. Sessiyalarda təmiz enerji, dayanıqlı nəqliyyat, rəqəmsal texnologiyalar və innovativ şəhər həllərinin rolu da geniş müzakirə olunur.

WUF13-ün üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlər, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya və sosial bərabərlik mövzuları ilə yadda qalıb.

Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb. Eyni zamanda, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” təşkil olunub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edir və “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu üzrə qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 2027–2030 tullantı idarəetmə planı hazırlanır - Vüqar Kərimov — Fins.az — Fins.az