
Azərbaycan–Çin ticarət dövriyyəsi 1,1 milyard dolları keçdi
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 1,104 milyard ABŞ dolları təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75,054 milyon ABŞ dolları və ya 7,3% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,73%-ni təşkil edib. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 3-cü pillədə qərarlaşıb.
Bu ilin ilk üç ayında Azərbaycandan Çinə 29,059 milyon dollarlıq məhsul ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,848 milyon ABŞ dolları və ya 25,2% artım deməkdir.
Eyni dövrdə Çindən Azərbaycana 1,075 milyard ABŞ dolları dəyərində idxal həyata keçirilib ki, bu da illik müqayisədə 60,2 milyon ABŞ dolları və ya 6,9% çoxdur. Beləliklə, Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə olaraq ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan ümumilikdə xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard dollar və ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.