
Azərbaycana Pul Gətirən Qeyri-Neft Məhsulları
Fins.az-Azərbaycan iqtisadiyyatında neft və qaz hələ də əsas gəlir mənbəyi olsa da, qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi şaxələndirilməsi strategiyasının mərkəzində dayanır. Son illərdə kənd təsərrüfatı məhsullarının ixracı ölkəyə əhəmiyyətli valyuta gətirir və regionların sosial-iqtisadi inkişafına töhfə verir. Xüsusilə pomidor, nar və xurma kimi məhsullar həm daxili bazarda, həm də beynəlxalq bazarlarda yüksək tələbə malikdir və Azərbaycanın iqtisadi inkişafına töhfə verən strateji məhsullardandır.
Pomidor: İstehsal və Bölgələr
-Pomidor Azərbaycanın ən çox istehsal olunan tərəvəzlərindən biridir. Azərbaycanın iqlim şəraiti pomidorçuluq üçün əlverişlidir: mülayim qışlaq və yay mövsümü, məhsulun bol və keyfiyyətli olmasına şərait yaradır. Ölkə üzrə pomidor istehsalının 60%-dən çoxu Şəmkir (20,2%), Abşeron (17,5%), Bakı (13,1%), Xaçmaz (7,3%) və Göyçay (5,9%) rayonlarının payına düşür.
Pomidor Azərbaycanın ixrac edən məhsullar sırasındadır. Xüsusilə Rusiya, Gürcüstan, Qazaxıstan və bir sıra Avropa ölkələrinə ixrac olunur. Təzə pomidorun xarici bazarlarda tələbatı yüksəkdir, çünki Azərbaycan pomidorları orqanik xüsusiyyətləri və dad keyfiyyəti ilə fərqlənir.
Bundan əlavə, pomidor emalı da ixrac potensialını artırır. Pomidor şirəsi, ketçup və tomat pastası kimi emal məhsulları beynəlxalq bazarlarda tələbat görür. Emal sahəsinin inkişafı həm ixracı artırır, həm də regionlarda yeni iş yerləri yaradır.
2025-ci ildə pomidor ölkəyə 192 milyon 470 min ABŞ dolları dəyərində vəsait gətirib
Ötən il Azərbaycan 172 min 863 ton pomidor ixrac edib ki, bu həcmdə pomidorun ixrac dəyəri 192 milyon 470 min ABŞ dolları olub. Son illərin statistik göstəricilərinə baxsaq görərik ki, pomidor ixracında artan tendensiya müşahidə edilib. Belə ki, 2024-cü ildə Azərbaycana pomodir ixracından 175 milyon 430 min ABŞ dolları dəyərində (145 min 603 ton), 2023-cü ildə isə 161 milyon 983 min ABŞ dolları dəyərində (140 min 588 ton), 2022-ci ildə isə 167 milyon 608 min ABŞ dolları dəyərində (141 min 419 ton) valyuta daxil olub.
Nar: Təbii Sərvət və İxrac Potensialı
Nar, Azərbaycan üçün qədimdən yetişdirilən və dünya bazarında rəqabət qabiliyyətli məhsullardan biridir. Avropa və MDB ölkələrinə göndərilən nar məhsulları ölkəyə valyuta gətirir və kənd təsərrüfatı işçilərinin gəlirlərini artırır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycan 35 min 986 ton nar ixrac edib ki, bu həcmdə narın ixrac dəyəri 35 milyon 335 min ABŞ dolları təşkil edib. Bu da həcm baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 %, dəyər baxımından isə 18,6% çoxdur
Nar ixracının əsas üstünlüyü onun orqanik və təbii xüsusiyyətləridir. Dünyada sağlam qida və superfood tələbatının artması nar məhsullarına olan marağı yüksəldib. Narın şirəsi, quru nar və kosmetik məhsulları kimi emal variantları ixrac potensialını daha da genişləndirir.
Azərbaycanda Alma İxracının Potensialı
Azərbaycan kənd təsərrüfatında meyvə istehsalı uzun tarixə malikdir və ölkə üçün ixrac potensialı yüksək olan sahələrdən biridir. Xüsusilə alma, həm daxili bazarda tələbatı yüksək, həm də xarici bazarlara yönəlik strateji məhsuldur. Ölkənin iqlim və torpaq şəraiti almaçılıq üçün əlverişlidir və bu sahənin inkişafı qeyri-neft sektoruna valyuta gətirən imkanlar yaradır. Dövlət Statistika Komitəsinin 2024-cü ilin məlumatlarına əsasən Azərbaycanda alma bağlarının sahəsi 26,3 min hektar olub. Ümumi alma bağlarının 24,6 min hektarı və ya 93,5 %-i barverən yaşdadır . Cəmi alma bağlarının 56,6%-i ənənəvi, 41,4 %-i intensiv, 1,9%-i isə superintensiv bağlar təşkil edib. əmi alma bağlarının 37,9 %-i Quba, 18,3%-i Qusar, 8,8%-i Xaçmaz, 5,6%- i Gədəbəy, 3,9%-i Naxçıvan MR, 2,6%-i Qəbələ, 2,2%-i İsmayıllı, 2%-i Balakən, 1,9%-i Şabran və 1,6%-i Zaqatala rayonlarının payına düşüb.
Alma ixracı ölkəyə valyuta axını gətirir
2025-ci ildə Azərbaycan 106 min 442 ton alma ixrac edib. Alma ixracından ölkəyə 75 milyon 89 min ABŞ dolları dəyərində valyuta gəlib. 2024-cü ildə Azərbaycana alma ixracından 61 milyon 900 min ABŞ dolları (97 min 786 ton), 2023-cü ildə 57 milyon 245 min ABŞ dolları dəyərində (91 min 229 ton), 2022-ci ildə 52 milyon 8 min ABŞ dolları dəyərində (82 min 291 ton) valyuta daxil olub.
Nəticə etibarilə, pomidor, nar, alma Azərbaycanın qeyri-neft sektorunda valyuta gətirən strateji məhsullardır. Bu məhsulların ixracı ölkənin iqtisadi şaxələndirilməsi, kənd təsərrüfatının inkişafı və regionların sosial-iqtisadi yüksəlişi üçün önəmlidir. Azərbaycanın qeyri-neft məhsullarının ixracı artdıqca, ölkə həm daxili bazar tələbatını ödəyir, həm də dünya bazarında rəqabət qabiliyyətini gücləndirir.
Aynur Bayramova
Fins.az


