Azərbaycan qazı Avropaya təchizatda strateji mövqeyini gücləndirir – “Moody’s”

Azərbaycan qazı Avropaya təchizatda strateji mövqeyini gücləndirir – “Moody’s”

BİZNES
219

Geosiyasi gərginlik fonunda Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyəti daha da artıb.

Fins.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody’s hesabatında məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Cənub Qaz Dəhlizi QSC-nin (SGC) biznes profili fəaliyyətin geniş miqyası və təbii qazın dəyər zənciri boyunca inteqrasiya olunmuş strukturu ilə dəstəklənir. Buraya həm upstream seqmentdə iştirak, həm də əsas boru kəməri infrastrukturu daxildir.

“Moody’s” bildirir ki, nəqliyyat aktivlərinin bir neçə ölkəni əhatə etməsi coğrafi şaxələndirməni gücləndirir, ayrı-ayrı bazarlardan asılılığı azaldır və müştəri bazasını genişləndirir. Eyni zamanda hökumətlərarası müqavilələr və qəbul edən dövlətlərlə imzalanmış sazişlər boru kəmərlərinin istismarı üçün möhkəm hüquqi baza yaradır.

Analitiklərin qiymətləndirməsinə görə, Türkiyə və Avropada Azərbaycan qazına sabit tələbat SGC-nin əsas bazarlardakı mövqelərini dayanıqlı saxlayır. Tələbat Avropanın enerji təchizatının şaxələndirilməsi siyasəti və siyasi dəstək ilə güclənir. Bu, Avropa İttifaqının Qaz Direktivinin bəzi müddəalarından Trans Adriatic Pipeline-ın istisna edilməsi ilə də təsdiqlənir.

Hesabatda vurğulanır ki, Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişə kimi geosiyasi gərginliklər fonunda Azərbaycandan qaz tədarükü regional enerji təhlükəsizliyində daha strateji rol oynayır.

Eyni zamanda “Moody’s” SGC-nin daha volatilliyi yüksək olan upstream seqment risklərinə məruz qaldığını və bir əsas yataqdan asılılıq səbəbindən əməliyyat risklərinin artdığını qeyd edir.

Hesabata əsasən, Şahdəniz qaz-kondensat yatağı dünyanın ən iri qaz-kondensat yataqlarından biridir və nisbətən yetkin aktiv kimi 2024-cü ildə təxminən 27,8 milyard kubmetr, 2025-ci ildə isə 27,6 milyard kubmetr hasilat səviyyəsinə çatıb. 2026–2027-ci illərdə isə hasilatın təxminən 27 milyard kubmetr səviyyəsində sabit qalacağı gözlənilir.

Təbii tükənmə riskləri 2025-ci ildə işə salınmış 2,9 milyard dollarlıq “Shah Deniz Compression” layihəsi ilə qismən kompensasiya edilir. Bu layihə hasilat əmsalının artırılması və hasilat platosunun uzadılmasını hədəfləyir.

“Moody’s” qeyd edir ki, operatorun bp olması və beynəlxalq şirkətlərin iştirakı texnoloji təcrübə hesabına əməliyyat sabitliyini gücləndirir. Bundan əlavə, digər yataqlardan potensial qaz tədarükləri boru kəməri infrastrukturunun yüklənməsini qorumağa dəstək ola bilər.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar–mart aylarında ölkə 6,5 milyard kubmetr qaz ixrac edib. Bunun 3 milyard kubmetri Avropaya, 2,4 milyard kubmetri Türkiyəyə (1,5 milyard kubmetri TANAP vasitəsilə), 0,8 milyard kubmetri Gürcüstana, 0,3 milyard kubmetri isə Suriyaya göndərilib.

Eyni dövrdə Azərbaycanda təbii qaz hasilatı 12,6 milyard kubmetr təşkil edib. Hasilatın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 6,9 milyard kubmetri Şahdəniz qaz-kondensat yatağı, 0,4 milyard kubmetri “Abşeron” yatağı, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan qazı Avropaya təchizatda strateji mövqeyini gücləndirir – “Moody’s” — Fins.az — Fins.az