Azərbaycan məhsulları artıq 73 ölkəyə ixrac olunur - Zəkiyyə Mustafayeva

Azərbaycan məhsulları artıq 73 ölkəyə ixrac olunur - Zəkiyyə Mustafayeva

BİZNES
367

Hazırda Azərbaycan məhsulları dünyanın 73 ölkəsinə ixrac olunur.

Fins.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın yüksək patogen quş qripi, Afrika donuz taunu, xırdabuynuzlu heyvanların taunu və atların Afrika xəstəliyindən azad statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiqlənib.

Z.Mustafayeva bildirib ki, xəstəliklərdən azad statusların əldə olunması heyvan və heyvan mənşəli məhsulların ixracı üçün yeni imkanlar yaradıb.

Onun sözlərinə görə, ötən il müxtəlif ölkələrə quş əti, akvakultura məhsulları, süd məhsulları, eləcə də ərzaqlıq və damazlıq yumurta ixrac olunub.

AQTA rəsmisi xüsusilə Çin Xalq Respublikası ilə əməkdaşlığın genişləndirildiyini qeyd edib.

“Dünyanın ən böyük bazarlarından biri olan Çinə çıxış istiqamətində mühüm addımlar atılıb. Bu il fındıq və badam məhsullarının ixracı üçün müvafiq icazələr əldə olunub”, – deyə o vurğulayıb.

Məlumata görə, ötən il rekord həcmdə xurma ixrac olunub. Ümumilikdə isə xarici bazarlara 914 min ton bitkiçilik məhsulu çıxarılıb.

Z.Mustafayeva əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq çərçivəsində ət, süd, dəniz məhsulları, bal və arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılıb.

O bildirib ki, qida təhlükəsizliyi sahəsində 2019–2025-ci illəri əhatə edən dövlət proqramı yekunlaşmaq üzrədir və hazırda yeni proqram layihəsi hazırlanır.

Bununla yanaşı, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” yeni qanun layihələri də aidiyyəti prosedurlardan keçir.

AQTA sədrinin müavini qeyd edib ki, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi istiqamətində də mühüm işlər görülüb.

Belə ki, Ağstafa, Beyləqan, Samux, İmişli və Füzuli rayonlarından toplanmış 1351 ton pestisid və çirklənmiş torpaq qatı Ceyrançöl poliqonuna daşınaraq zərərsizləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan məhsulları artıq 73 ölkəyə ixrac olunur - Zəkiyyə Mustafayeva — Fins.az — Fins.az