Azərbaycan iki qitə arasında real enerji körpüsü rolunu oynayır -  AYİB-in departament rəhbəri

Azərbaycan iki qitə arasında real enerji körpüsü rolunu oynayır -  AYİB-in departament rəhbəri 

BİZNES
586

Fins.az - Azərbaycan regionda yaşıl enerji sahəsində nümunəvi modelə çevrilir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avrasiya regionu üzrə Enerji departamentinin rəhbəri Sule Kilic Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclasında bildirib ki, Azərbaycan həm nəqliyyat, həm də rəqəmsal bağlantılar vasitəsilə Gürcüstan, Türkiyə, Rumıniya, Macarıstan, Bolqarıstan, Özbəkistan və Qazaxıstanla əməkdaşlığı təmin edir. Bu ölkələrin hamısı AYİB-in əməliyyat apardığı dövlətlərdir və Azərbaycan onları bir araya gətirərək iki qitə arasında real körpü rolunu oynayan strateji mövqe tutur.

Kilic qeyd edib ki, regiondakı infrastruktur layihələri böyük həcmdə bərpa olunan enerji tələb edir və Azərbaycan bu potensialı təmin edə bilər. Bank ölkədə 1,2 qiqavattdan artıq bərpa olunan enerji gücünün maliyyələşdirilməsini həyata keçirib. Bu layihələr arasında 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası, 240 meqavatlıq Xızı-Abşeron külək elektrik layihəsi və Qafqazın ən böyük günəş stansiyaları – Biləsuvar (445 meqavat) və Neftçala (350 meqavat) daxildir. Hər il bu layihələr təxminən 3 000 qiqavatt-saat təmiz elektrik enerjisi istehsal edəcək və karbon emissiyalarını illik 1,4 milyon tondan çox azaldacaq.

O əlavə edib ki, AYİB-in dəstəyi yalnız investisiyalarla məhdudlaşmır. Bank 2018-ci ildən Azərbaycanda enerji qanunvericiliyinin hazırlanması və bərpa olunan enerji hərraclarının təşkili ilə bağlı texniki dəstək göstərib. Hərrac COP29 çərçivəsində elan olunub və ölkənin bərpa olunan enerji sektorunda mühüm mərhələ təşkil edib.

“Azərbaycan COP29 çərçivəsində AYİB-in dəstəyi ilə Milli Hidrogen Strategiyasını təqdim edərək daha yaşıl gələcəyə doğru addım atıb. Bankın əvvəlki dəstəyi ilə hazırlanan araşdırmalar yaşıl hidrogenin kommersiya baxımından səmərəli olduğunu və regional enerji bazarına tədarük imkanlarını göstərmişdir. Hazırda AYİB Energetika Nazirliyinə aşağı karbonlu və iqlimə davamlı elektrik enerjisi istehsalı yol xəritəsinin hazırlanmasında dəstəyini davam etdirir.”

Kilic vurğulayıb ki, bu təşəbbüslər təkcə Azərbaycanda deyil, regionda özəl investorlar üçün də geniş investisiya imkanları yaradır və Azərbaycan yaşıl enerji sahəsində nümunəvi model rolunu oynayır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iki qitə arasında real enerji körpüsü rolunu oynayır - AYİB-in departament rəhbəri — Fins.az — Fins.az