
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artıraraq enerji təhlükəsizliyini gücləndirir
Transadriatik Boru Kəməri (TAP) Transadriatik Boru Kəməri (TAP) Avropaya etibarlı və fasiləsiz enerji tədarükündə strateji əhəmiyyət daşıyır.
Fins.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırmaqla regionun enerji təhlükəsizliyini gücləndirir:
“Cənub Qaz Dəhlizi, xüsusilə son seqmenti olan Trans-Adriatik Boru Kəməri, gələcək illərdə ötürmə gücü artırılacaq strateji infrastruktur layihəsidir. Bu kəmər Xəzər hövzəsi ilə Avropa bazarı arasında birbaşa bağlantı yaradaraq təhlükəsiz, çevik və şəffaf enerji axınlarını təmin edir.”
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başlayıb. TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr olub və gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. 2026-cı il yanvarın 1-dən etibarən yeni saziş (GTA) çərçivəsində TAP əlavə uzunmüddətli ötürmə qabiliyyəti təqdim edib.
Beləliklə, TAP Xəzər dənizindəki “Şahdəniz” yatağından qazı birbaşa Avropa bazarına çatdıran Cənub Qaz Dəhlizinin əsas komponenti olaraq strateji rolunu qoruyur və Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Fuad Mədətov
Fins.az