
Azərbaycan bp ilə enerji və HPC sahəsində əməkdaşlığı genişləndirir
İqtisadiyyat Nazirliyi, SOCAR və BP Exploration (Caspian Sea) Limited arasında yeni sənədlər imzalanıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, sənədlər bp şirkətinin baş icraçı direktoru Meq O’Nill ilə keçirilən görüş çərçivəsində imzalanıb.
Paylaşımda bildirilib ki, İqtisadiyyat Nazirliyi ilə “BP Exploration Limited” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində Nazirlik tərəfindən yaradılan HPC infrastrukturunun bp şirkətinin təcrübəsi əsasında gücləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, “BP Exploration Limited” şirkəti ilə SOCAR arasında imzalanan digər Anlaşma Memorandumu enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Qeyd olunub ki, bu əməkdaşlıq Azərbaycanın qlobal enerji mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

