
Azərbaycan 2035-ci ilə qədər emissiyaları 40% azaltmağı hədəfləyir - Muxtar Babayev
İqlim dəyişiklikləri Azərbaycanda da ciddi şəkildə müşahidə olunur və bu proses artıq ölkə üçün aktual çağırışlardan birinə çevrilib.
Fins.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə təşkil edib.
M.Babayev bildirib ki, 2025-ci ildə orta temperatur 14,3 dərəcəyə çatıb ki, bu da əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksək göstəricidir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16,2 dərəcə qeydə alınıb.
O qeyd edib ki, ölkədə istilik dalğalarının sayı da artmaqdadır. Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. 2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edib.
Eyni zamanda sel hadisələrinin artdığı vurğulanıb. Belə ki, 2015-ci ildə 15, 2020-ci ildə 36, 2025-ci ildə 33 sel hadisəsi qeydə alınıb və 2026-cı ilin ilk aylarında da bu tendensiyanın davam etdiyi bildirilib.
“Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik, biz bu dəyişiklikləri yaşayırıq”, – deyə M.Babayev qeyd edib.
O vurğulayıb ki, bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ay ərzində düşür. Aprel ayında isə bəzi rayonlarda yağıntı normadan 1,5–3,5 dəfə, Bakıda isə 5 dəfə çox qeydə alınıb.
M.Babayev həmçinin Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində konkret hədəflər müəyyən etdiyini bildirib. Yenilənmiş Üçüncü Milli Səviyyədə Töhfələr sənədinə əsasən, 2035-ci ilə qədər emissiyaların 1990-cı illə müqayisədə 40% azaldılması nəzərdə tutulur.
O əlavə edib ki, uzunmüddətli aşağı karbonlu inkişaf strategiyası hazırlanır və Azərbaycan qlobal metan vədi təşəbbüsünə qoşularaq 2030-cu ilə qədər metan emissiyalarının azaldılması üzrə öhdəlik götürüb.
M.Babayev bildirib ki, bu hədəflərə çatmaq üçün bütün sektorlar üzrə dekarbonizasiya tədbirlərinin dövlət sənədlərinə inteqrasiyası vacibdir. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində resurslardan səmərəli istifadə, iqlimə davamlı yanaşmalar və müasir aqrar komplekslərin formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.