
Azad olunmuş ərazilərdə 800-ə yaxın şəxsə biznes qurmaq üçün dəstək verilib
Fins.az - Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir.
Bu çərçivədə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı aktiv şəkildə icra olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən qurumun məlumatına görə, sözügedən proqram çərçivəsində həmin ərazilərə köçürülmüş sakinlərdən indiyədək 800-ə yaxın şəxsə dəstək göstərilib.
Belə ki, iştirakçılara pul vəsaiti deyil, mal və materiallar formasında aktivlər təqdim olunur. Bu aktivlər hesabına vətəndaşlar kənd təsərrüfatı, istehsal və xidmət sahələrində kiçik ailə bizneslərini quraraq gəlir əldə etməyə başlayıblar.
Proqram çərçivəsində iştirakçılar üçün ilkin mərhələdə xüsusi təlimlər təşkil olunur. Bu təlimlərdə onlara biznesin qurulması, idarə olunması və maliyyə planlaşdırılması ilə bağlı praktiki bilik və bacarıqlar aşılanır.
Təlim mərhələsini uğurla başa vuran şəxslərə isə hazırladıqları biznes planlara uyğun olaraq lazımi avadanlıq və digər aktivlər təqdim edilir. Bu yanaşma yeni bizneslərin daha dayanıqlı və effektiv fəaliyyət göstərməsinə şərait yaradır.
Ekspertlər qeyd edirlər ki, özünüməşğulluq proqramı azad olunmuş ərazilərdə iqtisadi aktivliyin artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və dayanıqlı məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.