
Azad edilmiş ərazilərdə ağıllı kəndlər dayanıqlı məskunlaşma əsasında qurulur - Vahid Hacıyev
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “ağıllı kəndlər” dayanıqlı məskunlaşma prinsipləri əsasında inşa edilir.
Fins.az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.
Vahid Hacıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dayanıqlı inkişaf və davamlı yenidənqurma istiqamətində fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib.
O qeyd edib ki, ilkin mərhələdə həyata keçirilən əsas təşəbbüslərdən biri 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdış Proqramı olub. Bu proqram keçmiş məcburi köçkünlərin dayanıqlı şəkildə geri qayıdışını təmin etmək məqsədilə çoxsaylı tədbir və hədəfləri özündə birləşdirir.
Vahid Hacıyevin sözlərinə görə, proqram çərçivəsində yaşayış evlərinin tikintisi, ərazilərin inkişafı, avtomobil və dəmir yollarının, eləcə də digər zəruri infrastrukturun qurulması, həmçinin regionda investisiya imkanlarının yaradılması əsas prioritetlər sırasındadır.
Onun açıqlamasına görə, məqsəd yalnız evlərin bərpası deyil, keçmiş məcburi köçkünlərin ləyaqətli və uzunmüddətli şəkildə geri qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmaların formalaşdırılmasıdır.
O vurğulayıb ki, artıq Ağalı, Məmmədbəyli və Horovlu kəndləri kimi layihələr həyata keçirilib və bu yaşayış məntəqələri tamamilə yenidən qurulub. Hazırda həmin ərazilərdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun ağıllı şəhər və ağıllı kənd modelləri tətbiq olunur.
Vahid Hacıyev əlavə edib ki, kəndlərin layihələndirilməsi enerji səmərəli texnologiyalar, dayanıqlı materiallar, ağıllı infrastruktur və rəqəmsal həllər əsasında aparılıb. Onun sözlərinə görə, mənzillərdən ictimai xidmətlərə, yaşıl zonalardan infrastruktura qədər bütün elementlər ekoloji və iqtisadi səmərəliliyə xidmət edir.
O qeyd edib ki, müasir şəhərsalma yanaşması sakinlərin gündəlik ehtiyaclarının təhlükəsiz, praktik və effektiv şəkildə qarşılanmasına yönəlib.
Həmçinin bildirilib ki, Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələri regionun nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır və bu xətlər Ağbənd və Naxçıvana birbaşa bağlantı yaradır.
Rəsmi məlumatlara əsasən, layihələr çərçivəsində təhsil və səhiyyə müəssisələri, ictimai xidmət obyektləri, hotel və digər sosial infrastruktur da inşa edilib. Ərazidə su ehtiyatları əsasında formalaşdırılan hidroenerji sistemi isə hazırda təxminən 500 ailənin yaşadığı iki kəndin enerji təminatını qarşılayır.
Vahid Hacıyev bildirib ki, Horovlu kəndində də oxşar ağıllı həllərin tətbiqi ilə tikinti işləri davam etdirilir. Onun sözlərinə görə, əsas məqsəd yalnız yaşayış məntəqələrinin inşası deyil, onların effektiv idarə olunmasının təmin edilməsidir.
Bu məqsədlə GIS platforması əsasında fəaliyyət göstərən ağıllı idarəetmə sistemi tətbiq olunur. Sistem bütün torpaq sahələri, binalar, yollar, enerji, qaz, su və rabitə xətlərini vahid platformada inteqrasiya edir və real vaxt rejimində monitorinq imkanı yaradır.
Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü də müzakirələrlə davam edir. Forum çərçivəsində qlobal mənzil böhranı, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi kimi mövzular müzakirə olunur.
Forumun ümumi proqramı 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir və mayın 22-dək davam edəcək.