
ARDNF-nin aktivləri 73,5 milyard dollar səviyyəsində sabit qalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat) səviyyəsində qeydə alınıb.
Fins.az ARDNF-yə istinadən xəbər verir ki, 2026-cı il mart ayının 31-nə olan vəziyyətə əsasən Fondun aktivləri 73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon manat) təşkil edib.
Məlumata görə, 2026-cı ilin yanvar–mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 milyard 180 milyon manat olub. Bu dövrdə neft-qaz gəlirləri 1 milyard 803,1 milyon manat təşkil edib.
Vəsaitlərin idarə edilməsi fəaliyyəti üzrə ümumi gəlirlər 1 milyard 376,8 milyon manat olub. Bu məbləğin tərkibində qızıl qiymətinin dəyişməsi və valyuta məzənnələrindən yaranan fərqlər nəticəsində 2 milyard 117,9 milyon manat büdcədənkənar gəlir formalaşıb.
Eyni zamanda investisiya portfelinin bazar dəyərindəki dəyişikliklər səbəbindən investisiya gəlirləri üzrə 741,1 milyon manat azalma qeydə alınıb.
Hesabat dövründə Fondun büdcə xərcləri isə 3 milyard 223,5 milyon manat təşkil edib.