AIREX: 20-dən çox ölkədən investor və developer Bakıda toplaşacaq

AIREX: 20-dən çox ölkədən investor və developer Bakıda toplaşacaq

BİZNES
288

4–6 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə AIREX (Azerbaijan International Real Estate Exhibition) – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək.

Fins.az xəbər verir ki, sərgi 20-dən çox ölkədən developer, investor, realtor, memar, proptech şirkətləri və daşınmaz əmlak sektorunun digər əsas iştirakçılarını bir araya gətirəcək.

Tədbirin keçirilməsi ölkə üçün xüsusi əhəmiyyət daşıyan bir dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilib ki, bu da şəhər mühitinin, infrastrukturun və müasir layihələrin inkişafına dövlət səviyyəsində verilən önəmi nümayiş etdirir. Bu kontekstdə AIREX dövlət strategiyası ilə beynəlxalq investisiya maraqlarının kəsişdiyi mühüm platforma kimi qiymətləndirilir.

Sərgi Baku Expo Management-in təşkilatçılığı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Qarabağ Dirçəliş Fondu, KOBİA, AZPROMO və ADRA-nın dövlət dəstəyi, PAŞA Real Estate, Sea Breeze, PMD Group və Bakı Ağ Şəhər-in baş sponsorluğu, PAŞA Property Management, Azərbaycan Beynəlxalq Bankı və Absheron Hotel Group-un partnyorluğu, eləcə də Times Consulting-in strateji partnyorluğu ilə həyata keçiriləcək.

PAŞA Property Management-in Tədbirlər üzrə Layihə Meneceri və AIREX-in Layihə Direktoru Afitab Sultanova bildirib ki, Azərbaycan daşınmaz əmlak bazarı beynəlxalq arenaya çıxmağa hazırdır.

Onun sözlərinə görə, Qarabağ və ölkənin digər bölgələrində həyata keçirilən layihələr fonunda həm yerli, həm də xarici investorlar üçün yeni imkanlar formalaşır və AIREX bu imkanların təqdim olunduğu əsas platforma rolunu oynayacaq.

Üç günlük sərgi proqramı çərçivəsində iştirakçılar üçün sahə ekspertləri ilə məsləhətləşmələr, investor və realtorlarla birbaşa əməkdaşlıq imkanları, panel müzakirələri, B2B görüşlər, iri infrastruktur layihələrinin təqdimatları və geniş şəbəkələşmə imkanları nəzərdə tutulur.

Spikerlərin adları, panel mövzuları və təqdim olunacaq layihələr yaxın aylarda açıqlanacaq. Hazırda iştirakçı stendlərinin qeydiyyatı sürətlə davam edir.

AIREX-in əsas məqsədi Azərbaycanın daşınmaz əmlak bazarını beynəlxalq auditoriyaya təqdim etmək və ölkəni regionda aparıcı investisiya istiqamətlərindən birinə çevirməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AIREX: 20-dən çox ölkədən investor və developer Bakıda toplaşacaq — Fins.az — Fins.az