ADB-nin dəstəyi ilə Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üzrə beynəlxalq tender elan edilib

ADB-nin dəstəyi ilə Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üzrə beynəlxalq tender elan edilib

BİZNES
364

Azərbaycan Respublikasında dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

Fins.az-ın məlumatına görə, Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Dəmir Yollarının Elektrifikasiyası, Siqnallaşdırma və Telekommunikasiya Layihəsi (Biləcəri–Yalama)” çərçivəsində beynəlxalq tender elan edilib.

ARESTP-BY-CW-01 nömrəli müqavilə üzrə keçirilən tender Biləcəri–Yalama dəmir yolu sahəsində elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin layihələndirilməsi və tikintisini əhatə edir. Təkliflərin təqdim olunması üçün son tarix 29 may 2026-cı il, saat 15:00 (Bakı vaxtı) müəyyən edilib.

Layihənin sifarişçisi “Azərbaycan Dəmir Yolları” QSC-dir. Tenderdə yalnız Asiya İnkişaf Bankına üzv ölkələrdən olan şirkətlər iştirak edə bilər və satınalma prosesi ADB-nin “Bir mərhələli, iki zərfli” proseduru ilə həyata keçiriləcək.

Layihə təxminən 192 km uzunluğunda Biləcəri–Yalama dəmir yolu xəttini əhatə edir. Burada yerləşən 15 stansiyada mövcud siqnallaşdırma, telekommunikasiya və elektrikləşdirmə sistemlərinin köhnəlməsi səbəbindən onların beynəlxalq standartlara uyğun şəkildə yenilənməsi planlaşdırılır.

İcra müddəti layihələndirmə mərhələsi daxil olmaqla 42 ay təşkil edir.

Tender iştirakçıları üçün əsas tələblər arasında maliyyə sabitliyi, illik minimum 130 milyon dollar tikinti dövriyyəsi, oxşar iri layihələrdə təcrübə və dəmir yolu elektrikləşdirmə və siqnallaşdırma sistemləri üzrə ixtisaslaşmış texniki bacarıqlar yer alır.

Layihənin nəticəsi olaraq dəmir yolu xəttində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, qatarların hərəkət sürətinin artırılması və ümumi əməliyyat səmərəliliyinin yaxşılaşdırılması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ADB-nin dəstəyi ilə Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üzrə beynəlxalq tender elan edilib — Fins.az — Fins.az