
AÇG yatağında əməliyyat və investisiya xərclərində artım qeydə alınıb
2026-cı ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə bp və konsorsium tərəfdaşları tərəfindən ümumilikdə 134 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 363 milyon ABŞ dolları əsaslı məsrəflər həyata keçirilib.
Fins.az-ın bp-yə istinadən məlumatına görə, ötən ilin eyni dövründə əməliyyat məsrəfləri 115 milyon ABŞ dolları, əsaslı məsrəflər isə 251 milyon ABŞ dolları təşkil edib. Beləliklə, illik müqayisədə əməliyyat xərcləri 16,5%, əsaslı xərclər isə 44,6% artıb.
Məlumata əsasən, AÇG yatağında həyata keçirilən 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı 2026-cı ilin birinci rübü ərzində də davam etdirilib.
Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator qismində çıxış edir. Konsorsiumda bp (30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%) iştirak edir.